İdman jurnalistləri arasında stend atıcılığı üzrə turnir keçirilib
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə idman jurnalistləri arasında stend atıcılığı üzrə turnir keçirilib.

Bakı Atıcılıq Mərkəzində təşkil olunan turnirdə 40-dək idman jurnalisti mübarizə aparıb.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirdə AZƏRTAC-ın əməkdaşları – Hümbət Məmmədov üçüncü, Nicat Məmmədov isə dördüncü yerdə qərarlaşıblar.

Turnirin qalibi Xəzər Televiziyasının əməkdaşı Sənan Abdullayev olub. Azad Azərbaycan Televiziyasının əməkdaşı Yaşar Müseyibov isə ikinci yeri tutub.

Qaliblər diplom və mükafatlarla təltif olunublar.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova jurnalistlərə müsahibəsində bildirib: “5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idman jurnalistləri arasında turnirin məhz atıcılıq üzrə keçirilməsini qərara aldıq. Gənclər və İdman Nazirliyi hər il jurnalistlər arasında belə yarışları təşkil etməyə çalışır”.

Yarışa marağın böyük olduğunu vurğulayan S.Məmmədova 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə əsas tədbirin Gəncə şəhərində keçiriləcəyini diqqətə çatdırıb.

Xəbər 1328 dəfə oxundu.