Şağan Olimpiya İdman Kompleksində ciu-citsu üzrə respublika çempionatı keçirilib
Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Ciu-Citsu Federasiyasının yaranmasının 20 illiyi ilə bağlı respublika birinciliyi keçirilib. Yarış Gənclər və İdman Nazirliyinin, Azərbaycan Ciu-Citsu Federasiyasının birgə təşəbbüsü ilə təşkil olunub. Çempionatda 17 yaşadək idmançılar güclərini sınayıblar. Yarışda idmançılar ciu-citsunun “Ne-Waza” və “Fighting” növləri üzrə mübarizə aparıblar.

Azərbaycan Ciu-Citsu Federasiyasının mətbuat katibi Rüfət Abdullayev bildirib ki, yarışın açılış mərasimində federasiya yaranandan indiyədək əməyi olan idarə heyətinin üzvləri, məşqçilər, ölkəmizi dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə layiqincə təmsil etmiş idmançılar iştirak ediblər. Onlara federasiyanın vitse-prezidentləri Mirəli Seyidov və Seymur Səfərov tərəfindən fəxri diplomlar, müxtəlif hədiyyələr təqdim olunub.

Qeyd edək ki, yarışda birinci yeri tutmuş yeniyetmələrə medal və fəxri diplomlar verilib.

Xəbər 984 dəfə oxundu.