Avropa Gənclərinin Yay Olimpiya Festivalının talismanları – Cırtdan və Bəbirin təqdimatı olub
Bu il iyulun 21-dən 27-dək Bakıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalının başlanmasına 150 gün qalması münasibətilə fevralın 21-də tədbir keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azsport.az-a bildiriblər ki, tədbirdə bu mötəbər idman yarışının talismanları olan Cırtdan və Bəbirin təqdimatı olub.

“Kiçicik” mənasını daşıyan balaca oğlan Cırtdan ölkəmizdə uşaqların ən populyar nağıl personajıdır. Həmyaşıdlarından boyda balaca olmasına baxmayaraq, Cırtdan milli özünəməxsusluğu, dərrakəsi, hazırcavablığı, mübarizliyi, cəsarəti və mərdliyi ilə seçilir. Cırtdanla bağlı ən məşhur nağılların birində o, cəsarəti və zəkası ilə Divi aldadaraq özünü və dostlarını xilas edir. Bununla da gənc və balaca olmasına baxmayaraq, qorxmaz qəhrəman olduğunu sübut edir.

Qafqaz bəbiri isə Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq və təbliğ edir. Qafqaz bəbiri Azərbaycan faunasında ən yaxşı tanınan və haqqında geniş məlumat olan heyvan növlərindən biridir. Azərbaycan mifologiyasında bəbirin şəklinə tez-tez rast gəlmək mümkündür. Bu heyvan təbii gözəllik, güc, qorxmazlıq və sürəti təcəssüm etdirir. Əvvəllər Qafqazda geniş yayılmış bəbir nəsli hazırda tükənmək üzrədir. Buna görə də nəinki Azərbaycanda, eləcə də regionda qorunan əsas cinslərdən biridir. Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, Azərbaycanda Qafqaz bəbirinin sayı 15-dən də aşağıdır. 2014-cü ildə IDEA İctimai Birliyi və bəbirlərin qorunması ilə məşğul olan beynəlxalq “Pantera” təşkilatı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycanda bəbirlərin yaşayış şəraitinin qiymətləndirilməsi və bu heyvanların qorunması məqsədilə xüsusi monitorinq proqramı hazırlanıb.

Azərbaycan təbiətinin və mədəni irsinin rəmzləri kimi, Avropa Gənclərinin Yay Olimpiya Festivalının rəsmi talismanları olan Cırtdan və Bəbir ölkəmizin şanlı tarixini və zəngin ənənələrini əks etdirir. Talismanlar 25 illik ənənəsi olan çoxnövlü mötəbər idman yarışında - Avropa Gənclərinin Yay Olimpiya Festivalında idmançıları qələbələrə ilhamlandıracaq, azarkeşlərə xoş anlar bəxş edəcəklər.

“Zirvələrə hazırıq” devizi altında keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalı Bakıda ilk addımlarını atacaq idmançıların gələcək karyeralarında həlledici mərhələ olacaq, gənc idman ulduzlarını bütün dünyaya tanıdacaq.

Xəbər 1564 dəfə oxundu.