“Ocaq Sport” idman klubunun gimnastları beynəlxalq turnirdə uğurla iştirak ediblər
“Ocaq Sport” idman klubunun gimnastları Macarıstanın paytaxtı Budapeştdə keçirilən bədii gimnastika üzrə “XVIII Gracia Fair Cup” beynəlxalq turnirində uğurla iştirak ediblər.

29 ölkədən 600-dən çox atletin qatıldığı yarışda A və B kateqoriyalarında Azərbaycanı 2006-2009-cu və 2012-ci il təvəllüdlü gimnastların yarışında 11 idmançı təmsil edib.

Təmsilçilərimizdən ən yüksək nəticəni Kamilla Seyidzadə göstərib. 2007-ci il təvəllüdlü atletlərin yarışında A kateqoriyası üzrə mübarizə aparan K.Seyidzadə çoxnövçülükdə Rusiya təmsilçisi Viktoriya Jdanovadan cüzi fərqlə geri qalaraq 26,167 xalla ikinci pillədə qərarlaşıb. Həmin kateqoriyada 2009-cu il təvəllüdlülərin yarışında Sofiya Məmmədova 22,034 xalla ikinci olub. Komandamızın aktivinə üçüncü gümüş medalı isə 2012-ci il təvəllüdlülər arasında çoxnövçülük yarışında mübarizə aparan Aygül Abbasova yazdırıb.

B kateqoriyasında mübarizə aparan gimnastlar da uğurlu çıxışları ilə yadda qalıblar. Alina Məmmədova 22,400 xalla birinci yeri tutub. 2008-ci il təvəllüdlülərin yarışında Tahirə Tağıyeva 19,033 xalla bürünc medala layiq görülüblər.

Turnirdə mübarizə aparan gimnastlarımızın hamısı ilk onluqda yer alıblar.

“Ocaq Sport” idman klubunun gimnastlarının Azərbaycan musiqisinin müşayiəti ilə təqdim etdiyi proqramlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xəbər 783 dəfə oxundu.