“Azəryol” komandası “İdman Akademiyası”na, “Azərsu” isə “Qarabağ”a qalib gəlib
Qadın həndbolçuların Azərbaycan çempionatı davam edir.

Azsport.az Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, yarışın 14-cü turu da favoritlərin qələbəsi ilə yekunlaşıb. Çempionluğa iddialı komandalar növbəti iki xalı fərqli mübarizənin yekununda qazanıblar.

“Azəryol” komandası “İdman Akademiyası” ilə oyunda ciddi müqavimətlə üzləşməyib. Nominal meydança sahibinin tam üstünlüyü ilə keçən görüş 38:23 hesabı ilə başa çatıb.

Çempionatın lideri “Azərsu” ilə “Qarabağ”ın görüşü gözlənildiyindən də gərgin alınıb. Maraqlı mübarizə şəraitində keçən oyunun taleyi son dəqiqələrdə həll olunub. Güclü rəqibə qarşı başabaş oyun nümayiş etdirən “Qarabağ” çox çalışsa da, azarkeşlərini sevindirə bilməyib. Son nöqtəni qoymağı bacaran “Azərsu” 25:24 hesablı qələbə ilə nahaq yerə baş mükafata əsas namizəd sayılmadığını sübut edib.

Hesabına 28-ci xalı yazdıran “Azərsu” turnir cədvəlində liderliyini davam etdirir. Bir oyun az keçirən “Azəryol” liderdən 4 xal geri qalır. Üçüncü yerdə qərarlaşan “Qarabağ”ın 14 xalı var. “İdman Akademiyası” və “Olimpiya” komandaları hərəyə 7 xalla sonrakı pillələri bölüşürlər. “Gənclər Birliyi”nin hələ də xalı yoxdur.

Xəbər 950 dəfə oxundu.