Milli komandada Yurçeviç dövrü başlanır
Nə Foqts, nə də Prosineçkidir

Qurban Qurbanov müəmmalı qarşılıqlı anlaşma şəraitində Azərbaycan milli futbol komandasının sükanı arxasından yola salındıqdan sonra aydın idi ki, baş məşqçi vəzifəsinə əcnəbi gətiriləcək. Bir neçə nəfərin adı hallandırılsa da, dünən AFFA-nın İcraiyyə Komitəsi xorvatiyalı Nikola Yurçeviçin namizədliyini təsdiq etdi. Bakıda səfərdə olub, bir neçə oyunu izləyən mütəxəssislə müqavilə yaxın günlərdə imzalanacaq.

Çoxlarına tanış olmayan bu məşqçi uzun müddət Slaven Biliçin köməkçisi olub. 1966-cı ilin 14 sentyabrında dünyaya göz açmış mütəxəssis hələ Yuqoslaviya dövlətinin mövcud olduğu illərdə böyük futbola gəlib. 1984-cü ildə Zaqrebdə peşəkar karyerasına başlayıb. Karyerası ərzində Xorvat klubları ilə yanaşı, Avstriya klublarında futbol oynayıb. 1999-cu ildə oyunçuluqdan məşqçiliyə başlayıb. İlk ciddi fəaliyyəti 2002-ci ildə doğma "Zaqreb"ində başlayıb. "Austriya"nı da çalışdırıb. 2006-cı ildən Slaven Biliçin köməkçisi olub. 6 il Xorvatiya millisində, sonra Moskva "Lokomotiv"ində, ardınca Türkiyə "Beşikdaş"ında, nəhayət, İngiltərə "Uest Hem Yunayted"ində onun əsas silahdaşı olub. 2018-ci ildə Zaqreb "Dinamo"sunda müstəqil fəaliyyətə qayıdıb.

Azərbaycan milli komandası onun məşqçilik karyerasının ilk böyük addımı hesab oluna bilər. Bu fəaliyyətin heç də asan olmayacağı məlumdur. Hərçənd Biliçin formalaşdırdığı möhkəm komandalarda onun da izi var.

Açığı, millimiz üçün ən münasib seçimlərdən biri kimi qiymətləndirilə bilər. Fəqət, bu dövrdə onun üçün ən çətini məhz köməkçi imicindən qurtulmaq üçün ilk ciddi addımlarının uğurları daha vacibdir. Çünki "Dinamo"nun sükanı arxasında o, bir sıra səhvlərə yol verdiyindən istefaya göndərilsə də, qarşıda tam fərqli status üçün böyük yola çıxmalıdır.

Ona qədər millinin sükanı arxasında xorvatiyalı mütəxəssis olub. Robert Prosineçki ilə söhbət etdiyini də deyən mütəxəssis, ümid edək ki, əsasən iş prinsiplərini özünə örnək götürəcək.

AFFA isə bu mütəxəssisə geniş meydan verməklə yanaşı, yəqin ki, əvvəlki səhvləri təkrarlamayacaq. Axı, bu nə Foqtsdur, nə də Prosineçki. Məşqçi hesabat verməli, Bakıda yaşamalı, klublarla işgüzar görüşlər keçirməli, hökm etməməli, seçimində müstəqil olmaqla yanaşı, yerli məşqçilərlə ünsiyyətdə olmalı, aşağı yaş qrupları üzrə milli və klub komandalarını izləməli və s. bu kimi məsələlərə diqqət etməlidir. Bir sözlə, futbol funksionerlərimiz özlərini əsl idarəedici və tələbkar işəgötürən kimi aparmalıdırlar. Belə olarsa, nailiyyətlərlə yanaşı, normal futbol ab-havasının qurulmasına zəmin olacaq.

Sonda onu da qeyd edək ki, dünən AFFA-nın İcraiyyə Komitəsi müxtəlif yaşlı futbolçulardan ibarət yığma komandalara baş məşqçiləri təsdiq edib. Milan Obradoviç 21, Samir Əliyev 19, Miloş Velebit 15 və 16 yaşlılar komandalarını çalışdıracaqlar. Sonuncu mütəxəssis həm də 17, 18 və 19 yaşlılardan ibarət yığmaların koordinatoru təyin edilib.

BATI YAR

Xəbər 814 dəfə oxundu.