İkiqat Azərbaycan çempionu: Avropa çempionatında medal qazanmaq arzusundayam
Builki ölkə çempionatında Azərbaycan yığmasının əsas üzvləri mübarizə aparırdılar. Yarış gərgin mübarizə şəraitində keçdi. Rəqiblərim maraqlı oyunlar sərgilədilər. Son turun oyunlarını xüsusi qeyd edərdim. Çətin olmasa da, oyunun gedişində çox narahat idim. Bir tərəfdən, çempionluğun bir addımlığında idim. Digər tərəfdən, rəqibim reytinqdə məndən xeyli aşağı idi. Məhz bu səbəbdən rəqibimə mütləq qalib gəlməli idim. Oyunun gedişində tam üstünlük əldə etdikdən sonra rahat oynamağa başladım. Əlbəttə, çempion olduğuma görə çox sevinirəm. Çünki qadın yığmamızın heyətində çox güclü şahmatçılar yer alır.

Bu sözləri müsahibəsində şahmat üzrə qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə deyib.

İkinci dəfə ölkə çempionu titulunu qazanan G.Məmmədzadə əsas məqsədinin Avropa çempionatında medal qazanmaq olduğunu bildirərək deyib: “Ötən il qitə çempionatında dünya kubokuna düşmüş 14-lükdə yer almışdım. Bu dəfə isə Avropa çempionatında medal qazanmaq arzusundayam”.

Qeyd edək ki, qadınlar arasında ölkə çempionatına fevralın 12-də yekun vurulub. Günay Məmmədzadə 9 turdan 8,5 xal toplayaraq Azərbaycan çempionatının qalibi olub. Ondan iki xal geri qalan Xanım Balacayeva və Gövhər Beydullayeva müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

AZƏRTAC

Xəbər 780 dəfə oxundu.