Azərbaycan avarçəkənləri üçün növbəti ciddi sınaq
Akademik avarçəkmə üzrə Azərbaycan milli komandası aprelin 30-da Serbiya paytaxtı Belqrada yollanacaq. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Rudiger Hauffe və məşqçi Yuliana Stoyevanın rəhbərliyi ilə 5 avarçəkənimiz səfərə çıxacaq.

Bunlar Boris Yotov, İskra Angelova, Viktoriya Nençeva, eləcə də 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Aleksandr Aleksandrovla Nataliya Mustafayevadır. İdmançılarımız əvvəlcə mayın 4-də Belqradda start götürəcək dünya kubokunun I mərhələsində iştirak edəcəklər. 3 gün davam edəcək yarışda Aleksandrov, Yotov və Mustafayeva 1-nəfərlik qayıqla, Angelova – Nençeva dueti isə 2-nəfərlik təkavarlı qayıqla 2000 metr məsafəyə yürüşlərə qatılacaqlar.

Bundan sonra yığmamız İsveçrənin Lütsern şəhərinə üz tutacaq. Millimiz Lütserndə 20 – 23 mayda keçiriləcək son olimpiya təsnifat reqatasına (Final Olympic Qualification Regatta) və 25 – 27 mayda baş tutacaq dünya kubokunun II mərhələsinə hazırlaşacaq.

Ardından komandamız 15 – 17 iyunda Almaniyanın Münhen şəhərində təşkil olunacaq dünya kubokunun III mərhələsinə qatılacaq. Bu yarışlarda mübarizə aparacaq avarçəkənlərimizin adlarına yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, dünya kubokunun I mərhələsində 43 ölkədən 662 akademik avarçəkən qüvvəsini sınayacaq.

Xəbər 1257 dəfə oxundu.