Astarada şahmat üzrə Azərbaycan birinciliyin seçmə yarışı keçirilib
Yanvarın 25-dən fevralın 3-dək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təsdiq etdiyi təqvim planına əsasən şahmat üzrə 8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlar arasında Azərbaycan birinciliyinin seçmə yarışı keçirilib.

Astara Olimpiya İdman Kompleksində baş tutan yarışda ölkəmizin bütün bölgələrini təmsil edən 36 şəhər və rayonundan 260–dan çox şahmatçı mübarizə aparıb.

Yarışda Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti, şahmat üzrə beynəlxalq dərəcəli hakim Faiq Həsənov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin şahmat üzrə sektor müdiri, beynəlxalq dərəcəli hakim Lütfiyar Rüstəmov, Bakı Şahmat Mərkəzinin direktoru, şahmat üzrə beynəlxalq dərəcəli hakim Məcid Əfəndiyev, Azərbaycan Respublikası şahmat üzrə qadınlardan ibarət yığma komandanın baş məşqçisi, beynəlxalq dərəcəli hakim Fikrət Südeyifzadə iştirak ediblər.

Yarışı giriş sözü ilə açan Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir: "Ölkəmizdə idmana xüsusi diqqət və qayğı göstərilir. Gənclərimizin sağlam yetişməsi üçün bütün imkanlar yaradılıb".

Daha sonra çıxış edən rayon icra hakimiyyəti aparatının məsul işçisi Mərasim Hacızadə bildirilib ki, Ümummilli Lider şahmatın Azərbaycanda inkişafı üçün böyük işlər görüb, çoxsaylı şahmat məktəbləri tikilib. Prezident İlham Əliyev də ənənəyə sadiq qalaraq, ölkəmizdə bu idman növünün inkişafına öz dəstəyini verir.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov isə idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlardan danışıb.

Yarışın sonunda qaliblər Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.


Xəbər 890 dəfə oxundu.