Azərbaycanın 18 cüdoçusu Təl-Əviv Qran-Prisində mübarizə aparır
Yanvarın 24-də Azərbaycan cüdoçuları ilin ilk beynəlxalq yarışında – Təl-Əviv Qran-Prisində mübarizəyə qoşulublar.

Komandamız turnirə 18 idmançı ilə qatılıb. Turnirdə Azərbaycan, Rusiya, Braziliya, Fransa, Gürcüstan kimi güclü cüdo ölkələri də olmaqla, ümumilikdə 53 ölkədən 380-dək cüdoçu mübarizə aparır. Qran-Pridə gücünü sınayacaq idmançılar arasında Olimpiya Oyunlarının gümüş medalının sahibi Rüstəm Orucov, dünya çempionatının mükafatçıları, fransalı Elen Rivyü, Aksel Klerqet, Böyük Britaniya təmsilçisi Natali Pauell kimi adlı-sanlı cüdoçular yer alıblar.

Qran-Pri ilə əlaqədar keçirilən mətbuat konfransında turnirin əhəmiyyətini yüksək qiymətləndirən Beynəlxalq Cüdo Federasiyasının nümayəndəsi və yarışların meneceri Liza Allan bildirib ki, iştirakçı ölkələrin və cüdoçuların sayının çoxluğu bu yarışın Tokio Olimpiadası üçün nə qədər vacib olduğunu sübut edir.

İsrail Cüdo Assosiasiyasının prezidenti Moşe Ponte yarışın yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni əsirgəmədiklərini bildirib.

Xatırladaq ki, Avstriyanın Mitterzil şəhərində təlim-məşq toplanışını başa vuran Azərbaycan millisi hazırlığı İsraildə davam etdiriblər.

Xəbər 906 dəfə oxundu.