İkinci Avropa Oyunlarının velosiped yarışlarına hazırlıq yüksək qiymətləndirilib
Avropa Velosiped İttifaqının (UEC) texniki nümayəndəsi Vladimiros Petsas Minskin ev sahibliyi edəcəyi ikinci Avropa Oyunlarının velosiped yarışlarına hazırlıqla tanış olub.

Bu barədə “Minsk-2019”un rəsmi saytında məlumat verilib.

“Əsas məqsəd həm trek, həm də şosse yürüşlərinin baş tutacağı müxtəlif zonalara baxış keçirmək və onları qiymətləndirmək idi. Görülən işlər barədə təəssüratlar çox müsbətdir. Mən heç bir konkret tövsiyələr verməyəcəyəm, amma bir sıra xırda məsələlər var ki, onlar nəzərə alınmalıdır”, - deyə Vladimiros Petsas deyib. Səfər zamanı UEC-in texniki nümayəndəsi “Minsk-Arena” velodromunu da ziyarət edib və hazırlıqla bağlı bir sıra məsələlər müzakirə edilib.

İkinci Avropa Oyunlarının trek yarışlarında 316 iştirakçı 20 dəst medal uğrunda mübarizə aparacaq. Şosse yarışlarında isə 4 dəst medal uğrunda 226 yürüşçü 4 növ üzrə qüvvəsini sınayacaq.

İdmançılar, həmçinin 2020-ci il Yay Olimpiya Oyunlarına hazırlıq prosesində tələb olunan Beynəlxalq Velosiped İttifaqının (UCI) reytinq xalları uğrunda mübarizə aparacaqlar.

Xəbər 1014 dəfə oxundu.