Aqil Məmmədov: Hamı finala çıxmaq üçün can qoydu
“Gəlin, tək mənə qəhrəman deməyək. Biz komanda şəklində oynadıq. Qələbəmizdə hamı əziyyət çəkdi”. İdman.com.az saytının məlumatına görə, bu fikri “Bakı”nın qapıçısı Aqil Məmmədov klubunun rəsmi saytına açıqlamasında deyib. Gənc qapıçı komandasının Azərbaycan kubokunun finalına çıxmağında böyük rolu oldu.

Belə ki, Aqilin “Qarabağ”la oyun sonrası penaltilər seriyasını Rəşad Sadiqovun zərbəsini qaytarmağı həlledici oldu: “Şükürlər olsun ki, finala çıxdıq. İlk dəfədir ki, komandamızın oyun sonrası penaltilərində qapıda mən dayanırdım. Ancaq bu, o demək deyil ki, tək mən yaxşı oynadım. Hamı finala çıxmağımız üçün can qoydu. Futbolçulara, klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Onlar yaxşı hazırlaşıb, oynamağımız üçün bütün şərait yaradıblar”.

Milli komandamızın da üzvü olan Aqil həyəcanlı olmadığını bildirib: “Məndə heç bir həyəcan yox idi. Sadəcə, hava şəraiti yaxşı olmadığından, çətinlik yaradırdı. İstidə oynamalı olduq. Bizi qarşıda final oyunu gözləyir. Kuboku qazanmaq istəyirik. İstəyimizə çatacağımıza inanırıq. Qismət olsa, hər şey yaxşı olar”.


Xəbər 1532 dəfə oxundu.