Alpaqutçular üçün respublika seminarı təşkil edilib
Alpaqut Turan döyüş sənəti üzrə Azərbaycan Alpaqut Federasiyasının hakim və məşqçiləri üçün Bakıda respublika seminarı keçirilib.

Azərbaycan Alpaqut Federasiyasından verilən məlumata görə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində təşkil edilən seminara 40-dan artıq bölgədən gəlmiş federasiyanın filial və klub rəhbərləri, məşqçilər və hakimlər kollegiyasının üzvləri qatılıblar. Seminarı Dünya Alpaqut Federasiyası idarə heyətinin sədri, alpaqut Turan döyüş sənətinin müəllifi Vasif Namazov aparıb.

Seminar çərçivəsində Vasif Namazov federasiyanın 2019-cu il üçün təqvim planına daxil edilən yarışlar barədə də məlumat verib. Qeyd edib ki, bu il Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçiriləcək.

Bildirilib ki, bundan başqa 10 yarışın təşkili nəzərdə tutulub. Onların beşinin bölgələrdə keçirilməsi planlaşdırılır. Vasif Namazov bu yarışlarla bağlı məşqçilərə, hakimlərə tapşırıq və tövsiyələrini verib.

Sonda seminarda iştirak edən filial və klub rəhbərlərinə yeni lisenziyalar, hakimlərə isə sertifikatlar təqdim edilib.

Tədbirdə, həmçinin Azərbaycan Alpaqut Federasiyasının təşkilati və humanitar məsələlər üzrə yeni təyin olunmuş vitse-prezidenti Hüseyn Babayev iştirakçılara təqdim edilib.

Xəbər 1308 dəfə oxundu.