Elxan Məmmədov: Bu gün FİFA-nın tələbinə uyğun qərar qəbul olunacaq
FİFA “Xəzər Lənkəran”ın hesabından AFFA-nın İntizam Komitəsinin qərarı ilə silinən 6 xalın geri qaytarılması ilə bağlı milli assosiasiyamıza da müraciət edib. İdman.com.az saytının məlumatına görə, məsələ ilə bağlı FİFA-dan AFFA-ya növbəti məktub daxil olub.

Assosiasiyanın baş katibi Elxan Məmmədov məsələ ilə əlaqədar affa.az saytına fikirlərini bildirib: “Məktubda qeyd olunur ki, AFFA ilə FİFA arasında 2012-ci il aprelin 18-də aparılmış yazışmaya uyğun olaraq, FİFA məsələyə yenidən baxıb və “Xəzər Lənkəran” FK-nın hesabından silinmiş 6 xalın geri qaytarılması ilə bağlı qərarın çıxarılmalı olduğunu bildirib.

Bununla əlaqədar, AFFA-nın İntizam Komitəsinin bu gün keçiriləcək növbədənkənar iclasında FİFA-nın tələbinə uyğun qərar qəbul olunacaq. Biz çox şadıq ki, «Xəzər Lənkəran» klubu ətrafında cərəyan edən bu məsələ ilə bağlı ədalətli qərar çıxarılacaq”.

Xəbər 852 dəfə oxundu.