Ramin Musayev: FİFA-nın qərarını çempionatda intriqanı da artıracaq
“FİFA-nın “Xəzər Lənkəran”ın hesabından silinən 6 xalın qaytarılması ilə bağlı qərarına çox şad oldum. Bu xəbəri eşidincə çox sevindim. Həqiqətən də, bu, şad xəbərdir”. İdman.com.az saytının məlumatına görə, bu sözü apasport.az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

O, FİFA-nın “Xəzər Lənkəran”ın hesabından silinən 6 xalın geri qaytarılmasına münasibət bildirib: “Bu gün çox sevindirici gündür. Aldığım xəbərlər arasında ən sevindirici xəbər məhz “Xəzər Lənkəran”ın xallarının qaytarılmasıdır. Hələ xalların silinməsinə münasibət bildirərkən demişdim ki, bu, ədalətsizlikdir, futbolçuya görə xalın silinməsi düzgün deyil. Axır ki, haqq-ədalət öz yerini tapdı. Bu münasibətlə “Xəzər Lənkəran”sevərləri, bütün Azərbaycan futbolsevərlərini təbrik edirəm”.

FİFA-nın əvvəlki qərarını ləğv etməsi çempionatda intriqanı da artıracaq. Musayev daha çox futbolçuların əziyyəti ilə qazanılan xalların qaytarılması sevindirir: “Düzdür, bu 6 xalın silinməsi çempionatda intriqanı artıracaq, çempionatın sonluğunun maraqlı olmasına səbəb olacaq. Amma bununla belə, ən əsası odur ki, futbolçuların alın təri ilə qazandığı xallar geri qaytarıldı. Onların zəhməti hədər getmədi”.

FİFA “Xəzər Lənkəran”ın 6 xalının qaytarılmasına qərar versə də, bunun turnir cədvəlində əksini tapması üçün AFFA-nın da qərarı zəruridir. Musayev bu məsələnin yaxın günlərdə həll olunacağını bildirib: “Buna AFFA-nın İntizam Komitəsi qərar verəcək. Komitə üzvləri yığışıb 6 xalın qaytarılmasını rəsmiləşdirəcək”.

Xəbər 955 dəfə oxundu.