Azərbaycan Ədalətli Oyunlar Komissiyasının mükafatları sahiblərinə təqdim olunub
Dekabrın 26-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir keçirilib.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra 2018-ci il ərzində idmançılarımızın qazandıqları nailiyyətlərə və ölkəmizdə keçirilən mötəbər idman yarışlarına dair videoçarx nümayiş olunub.

Sonra müxtəlif nominasiyalar üzrə 2018-ci ilin ən yaxşıları mükafatlandırılıb.

Tədbir çərçivəsində Milli Olimpiya Komitəsinin nəzdində fəaliyyət göstərən Ədalətli Oyunlar Komissiyasının 2018-cı ilin yekunlarına əsasən təsis etdiyi mükafatlar sahiblərinə təqdim olunub:

”Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”

Rövnəq Abdullayev, Azərbaycan Cüdo Federasiyasının Prezidenti

“Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı”

Orxan Qoca, AzƏOK-un yeni loqosunun müəllifi

“Ədalətli oyun prinsiplərinə sadiq hakim”

Emin Şaxtaxtinski, atletika üzrə hakim

“Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”

Mariana Vasileva, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi

“Ədalətli oyun prinsiplərinə sadiq idmançı”

Eldəniz Əzizli, güləş üzrə dünya və Avropa çempionu

“Ədalətli oyun prinsiplərinə sadiq səfir”

Fərid Mansurov, Olimpiya çempionu

Xəbər 962 dəfə oxundu.