“Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində Sabirabadda növbəti idman tədbiri təşkil edilib
AFFA-nın və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirabad Olimpiya İdman Kompleksində “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində növbəti idman tədbiri keçirilib.

Tədbirdə AFFA-nın birinci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri, Milli Məclisin deputatı Rauf Əliyev, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, millət vəkilləri Elçin Quliyev, İlham Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.

Mərasimdə çıxış edənlər ölkəmizdə idmana və gənclərə göstərilən dövlət qayğısından danışıb, Azərbaycan idmançılarının dünya və ölkə çempionatlarında qazandıqları uğurlardan bəhs ediblər.

Diqqətə çatdırılıb ki, 12 ildir təşkil olunan və 25 mindən artıq uşağın yararlandığı layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb, onların təqdimatında müxtəlif idman hərəkətləri izlənilib.

Xəbər 735 dəfə oxundu.