Çövkən oyunu üzrə “Prezident Kuboku” turnirində “Sərhədçi” komandası çempion olub
Binə Atçılıq Mərkəzinin qapalı manejində keçirilən çövkən milli atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinə dekabrın 23-də yekun vurulub. Turnirin sonuncu günündə üçüncü yer uğrunda görüş və final qarşılaşması oynanılıb. Yarış “Sərhədçi” komandasının qələbəsi ilə başa çatıb.

Final qarşılaşmasında “Sərhədçi” və “Omar” komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən ilk hissədə hesab açılmayıb. Fasilədən sonra hücumların kəsərini artıran sərhədçilər qarşılaşmanın bitməsinə 3 dəqiqə qalmış qələbə topunu vurublar. Tərlan Qurbanəliyev komandasının vacib qoluna imza atıb.

Beləliklə, “Sərhədçi” komandası 1:0 hesabı ilə qalib gələrək ardıcıl ikinci il çempion adını qazanıb.

Bürünc medallar uğrunda görüşdə isə “Polad” və “Buta Golden” komandaları mübarizə aparıblar. Oyunda 5:1 hesabı ilə qalib gələn “Polad” komandası bürünc medallara layiq görülüb.

Sonra qaliblərə mükafatlar təqdim olunub. Turnirin ən çox qol vuran oyunçusu adına "Sərhədçi" komandasının kapitanı Elçin Camallı, ən yaxşı oyunçusu adına isə Tərlan Qurbanəliyev layiq görülüblər.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev fəxri kürsüdə yer alan komandaların üzvlərinə kubok və medalları təqdim edib.

Oyunlar arasındakı qısa fasilədə dekabrın 19-da Londonda start götürəcək Olimpiya Beynəlxalq Atçılıq Şousu çərçivəsində “Hampton Court” Kral sarayının ərazisindəki atçılıq mərkəzində “Alxan” ləqəbli Qarabağ atının tuncdan hazırlanmış heykəlinin açılışına və ənənəvi olaraq hər il təşkil edilən, 111 illik tarixə malik şouda Azərbaycan təmsilçilərinin valehedici çıxışına dair kadrlar nümayiş olunub.

Xəbər 1227 dəfə oxundu.