Atçılıq üzrə Prezident kubokunun finalçıları müəyyənləşib
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə keçirilən çövkən milli atüstü oyunu üzrə Prezident kuboku turnirinin finalçıları dekabrın 22-də müəyyənləşib.

Yarımfinal mərhələsinin birinci görüşündə meydana turnirin ötənilki finalçıları “Sərhədçi” və “Polad” komandaları çıxıblar. Görüş sərhədçilərin böyük hesablı qələbəsi ilə başa çatıb - 6:2. “Sərhədçi” komandasının heyətində Rəşad Həsənov (2), Tərlan Qurbanəliyev (2), Əli Həsənov və Elçin Camallı, “Polad”ın üzvlərindən isə Cavad Abdulkərimov və Kamran Hüseynov fərqləniblər.

Digər yarımfinal oyununda isə “Omar” və “Buta Golden” kollektivləri üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Omar” komandasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunlar arasındakı qısa fasilədə dekabrın 19-da Londonda start götürən Olimpiya Beynəlxalq Atçılıq Şousu çərçivəsində “Hampton Court” Kral sarayının ərazisindəki atçılıq mərkəzində “Alxan” ləqəbli Qarabağ atının tuncdan hazırlanmış heykəlinin açılışına və ənənəvi olaraq hər il təşkil edilən, 111 illik tarixə malik şouda Azərbaycan təmsilçilərinin valehedici çıxışına dair kadrlar nümayiş olunub.

Turnirdə üçüncü yer uğrunda görüş və final matçı dekabrın 23-də keçiriləcək.

Xəbər 1200 dəfə oxundu.