“Sağlamlıq-2018” Respublika spartakiadasına start verilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə dekabrın 21-də “Sağlamlıq–2018” Respublika spartakiadasına start verilib.

Spartakiadanın açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, rabitə müəssisələrinin və idman cəmiyyətlərinin təmsilçiləri iştirak ediblər.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən inkişaf strategiyası nəticəsində ölkəmizdə digər sahələrlə yanaşı, idmanda da yüksək nailiyyətlər qazanılıb. Azərbaycanda birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları uğurla keçirilib. Ölkəmiz gələn il UEFA Avropa Liqasının final qarşılaşmasına və 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd oyununa ev sahibliyi edəcək. Bu mötəbər yarışların təşkilinin ölkəmizə həvalə edilməsi Azərbaycan idmanının uğurlarına verilən yüksək qiymətin göstəricisidir.

Qeyd olunub ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumların idmançıları müxtəlif turnirlərdə yüksək nəticələr əldə ediblər. Nazirlik işçilərinin peşə bayramı ilə əlaqədar mütəmadi qaydada spartakiadalar keçirilir. Cari ilin sentyabrında Bakıda keçirilmiş “Mübarizlər” yarışının komanda hesabında qalibi məhz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təmsilçiləri olublar.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov sürətlə inkişaf edən Azərbaycanın dünyada həm də idman ölkəsi kimi tanındığını vurğulayıb. Bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə digər sahələrlə yanaşı, idmanda da mühüm nailiyyətlər qazanılır. Təmsilçilərimiz beynəlxalq arenada keçirilən yarışlarda böyük nailiyyətlər qazanırlar. Ölkəmizdə bədən tərbiyəsi və idmanın kütləviləşməsi istiqamətində atılan addımlar bu sahənin sürətli inkişafını təmin edib. Bakı ilə yanaşı, regionlarda da istifadəyə verilən Olimpiya İdman kompleksləri, ən müasir idman qurğuları idmanın inkişafında mühüm rol oynayır. Son illər regionlarımızda da beynəlxalq idman yarışları uğurla təşkil olunur. Əcnəbi idmançılar respublikamızda keçirilən yarışlarda, təlim-məşq toplanışlarında böyük həvəslə iştirak edirlər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov ölkəmizdə bütün sahələr kimi, idmanın da sürətlə inkişaf etdiyini vurğulayıb. Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu deyən C.Alxasov bu sahədə mühüm tədbirlərin həyata keçirildiyini bildirib.

Açılış çıxışlarından sonra mərasim bədii hissə ilə davam edib.

İyirmi üçüncü dəfə keçirilən spartakiadada iştirakçılar idmanın səkkiz növü - güllə atıcılığı, stolüstü tennis, kross qaçışı, voleybol, kəndirdartma, nərd, şahmat, dama üzrə güclərini sınayırlar. Yarışlarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli müəssisə və qurumlarının komandaları mübarizə aparırlar. Spartakiadanın məqsədi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, eləcə də nazirliyin tabeli qurumlarında çalışan işçilərin sağlamlığının və fiziki hazırlığının təmin edilməsi, idmanın müxtəlif növləri üzrə yığma komandaların heyətlərinin formalaşdırılmasıdır.

Xəbər 981 dəfə oxundu.