“Baku Fayt Lab” klubunun açıq birinciliyinin açılış mərasimi keçirilib
Dekabrın 19-da “Baku Fayt Lab” klubunun təşkilatçılığı ilə yeniyetmələr arasında boks üzrə klubun açıq birinciliyinin açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov müasir müstəqil Azərbaycanda bədən tərbiyəsi və idmanın yüksək sürətlə inkişaf etməsi üçün hər bir şəraitin yaradıldığını bildirib. Qeyd edib ki, bu sahəyə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Boks üzrə bir sıra nailiyyətlərin qazanıldığını bildirən F.Mansurov yeniyetmələr arasında təşkil edilən turnirlərin onların təcrübələrinin artırılmasında böyük rol oynadığını vurğulayıb.
Sonra çıxış edən dünya kubokunun və Avropa çempionatının qalibi Rövşən Hüseynov boks idman növünün Azərbaycanda ənənələrindən danışıb. Ölkəmizdə klub və cəmiyyətlərin boksun inkişafına böyük töhfələr verdiyini qeyd edən R.Hüseynov yeni yaradılmış “Baku Fayt Lab” klubuna uğurlar arzulayıb. Vurğulayıb ki, klubun açıq birinciliyinin əsl idman mübarizəsi şəraitində keçəcəyinə əmindir.

Daha sonra boks üzrə dünya birinciliyinin qalibi Fərhad Acalov çıxış edərək ölkəmizdə idmanın, o cümlədən boksun inkişafı istiqamətində böyük işlərin görüldüyünü vurğulayıb. Qeyd edib ki, boks üzrə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının qalib və mükafatçıları yetişib. “Baku Fayt Lab” klubunun açıq birinciliyində ölkə idmançıları ilə yanaşı, xarici ölkədən boksçuların da iştirakının rəqabətə təsir edəcəyini bildirən F.Acalov yeniyetmə idmançıların öz potensiallarından maksimum istifadə edəcəyinə inandığını bildirib.

Açılış mərasimi “Baku” rəqs qrupunun hazırladığı maraqlı proqramla davam edib.

Sonra yarışlara start verilib. Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışda ölkəmizin şəhər və rayonlarından 2001-2002-ci illər təvəllüdlü boksçularla yanaşı, iraqlı idmançılar da iştirak edirlər.

Turnirə dekabrın 22-də yekun vurulacaq.

Xəbər 951 dəfə oxundu.