“UEFA Avropa Liqası 2019”un Azərbaycan Memarlıq və İnşaat Universitetində təqdimatı olub
UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupunun üzvləri tədbirə hazırlıq məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbə və müəllim heyəti ilə görüşüb.

Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun üzvü Mahir Mədətovun, “UEFA Avropa Liqası 2019”un səfiri Vəli Qasımovun, eləcə də tələbələrin iştirak etdikləri görüşdə Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.

Tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA ilk dəfə olaraq özünün könüllülük proqramını təqdim edib. Proqram çərçivəsində təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi ustad dərslərin keçirilməsi planlaşdırılır.

Bu proqrama qoşularaq şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs www.finalbaku2019.az/volunteer linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin fevralında müsahibəyə dəvət ediləcək.

Müsabiqədən keçən könüllülər üçün təlimlər aprelin 1-dən mayın 18-dək keçiriləcək. Təlimlər əsasən ümumi (oyunlar və müştəri xidmətləri barədə məlumatlar), rol (vəzifə barədə təlim) və məkan (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) istiqamətlərini əhatə edəcək.


Xəbər 711 dəfə oxundu.