Boksçularımız Neft Ölkələrinin Dünya Kubokunda 1 qızıl və 2 bürünc medal qazanıblar
Rusiyanın Xantı-Mansiysk şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin XVI Dünya Kuboku keçirilib. Yarışda Azərbaycan millisinin boksçuları da güclərini yoxlayıblar.

Təmsilçilərimizdən Məhəmməd Abdullayev turniri qızıl medalla başa vurub. Doxsan bir kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız finalda fransalı Camili Aboudo-Moindzeni 5:0 hesabı ilə məğlub edib.

Məhəmməd Abdullayevlə yanaşı, Məsud Yusifzadə (52 kq) və Rauf Rəhimov (81 kq) da fəxri kürsüdə yer alıblar. Boksçularımız yarışı üçüncü pillədə başa vurublar. Onlar yarımfinalda müvafiq olaraq, rusiyalı Bator Saqulayev (1:4) və fransalı Ntambve Qaetana (0:5) uduzublar.

Beləliklə, Neft Ölkələrinin Dünya Kubokunda 1 qızıl və 2 bürünc medal qazanan kişilərdən ibarət yığmamız komanda hesabında üçüncü yeri tutub. Ev sahibi Rusiya isə həm kişilərin, həm də qadınların mübarizəsində birinci olub. Onlar 16 ölkənin qatıldığı turnirdə 32 (10-9-13) medala yiyələniblər.

Xəbər 807 dəfə oxundu.