Futbol üzrə Azərbaycan kuboku turnirində dörddəbir final mərhələsinin iki oyunu keçirilib
Dekabrın 15-də futbol üzrə Azərbaycan kuboku turnirində dörddəbir final mərhələsinə start verilib.

Mərhələnin açılış matçında "Zirə" doğma meydanda "Səbail" komandası ilə qarşılaşıb. "Dalğa Arena"da keçirilmiş görüş "Zirə"nin qələbəsi ilə yekunlaşıb (1:0). Yeganə qolu 45-ci dəqiqədə İlkin Muradov vurub. Bu, "Səbail"in legioneri Tome Kitanovskinin 33-cü dəqiqədə qırmızı vərəqə alaraq meydançanı tərk etməsindən sonra baş verib.

Günün növbəti oyununda "Neftçi" öz meydanında "Sumqayıt" komandasını qəbul edib. Görüş Premyer Liqa liderinin gözlənilməz məğlubiyyəti ilə başa çatıb (0:2). Sumqayıtlıların heyətində Əli Babayev (28) və Şəhriyar Əliyev (45+2) fərqləniblər.

Dörddəbir finalın digər iki matçı sabah keçiriləcək. “Qəbələ” “Sabah”ı, “Qarabağ” isə “Keşlə”ni qəbul edəcək.

Bu mərhələnin cavab görüşləri dekabrın 19-da oynanılacaq.

Xəbər 728 dəfə oxundu.