Siyəzəndə dama üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Siyəzəndə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yeniyetmə oğlanlar və qızlar arasında dama üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.

Gənclər Mərkəzində iki gün davam edən turnir rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Siyəzən rayon komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Final oyunlarının nəticəsinə əsasən, Siyəzən şəhər 2 saylı tam orta məktəbin şagirdləri Əliyusif Əsgərov və Mirkamil Əlifov I və II yerləri bölüşdürüblər. Şəhər 4 saylı tam orta məktəbin şagirdi Anar Cəfərov isə yarışı üçüncü yerdə başa vurub.

Qızlar arasında keçirilən oyunlarda şəhər 6 saylı məktəb-liseyin şagirdi Nailə Məhərrəmova I, şəhər 3 saylı tam orta məktəbin şagirdi Rüxsarə Bayramova II, şəhər 4 saylı tam orta məktəbin şagirdi Fatimə Baxşıyeva isə III yerin sahibi olub.

Qaliblər yarış təşkilatçıları tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1394 dəfə oxundu.