Karate üzrə kişilərdən ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub
Karate üzrə kişilərdən ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.

Milli komandanı bundan sonra türkiyəli mütəxəssis Bahəddin Kandaz çalışdıracaq.

Baş məşqçini heyətə təqdim edən federasiyanın prezidenti Yaşar Bəşirov qarşıya qoyulan hədəflərə nail olmaq yolunda ona uğurlar arzulayıb.

Dünyada güclü karate komandalarından biri kimi tanınan Azərbaycan millisini çalışdırmaqdan məmnunluğunu bildirən B.Kandaz komandanın imicini qorumağa söz verib. Mütəxəssis ona həvalə olunan bu məsuliyyətli işdə həvəslə çalışacağını, hədəflərə çatmaq üçün qazandığı təcrübəni əsirgəməyəcəyini vurğulayıb. O, qarşıdakı fəaliyyət planı barədə məlumat verib və nəzərdə tutulan işlərin müsbət nəticələnəcəyinə əminliyini bildirib.

Qeyd edək ki, 1968-ci il iyunun 25-də Türkiyənin Girəsun şəhərində doğulan Bahəddin Kandaz İstanbulda Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 1982-ci ildən karate ilə məşğul olan mütəxəssis idmançı kimi 20 illik karyerasında dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı, həmçinin klublararası dünya və Avropa çempionu olub. Əlli yaşlı mütəxəssis 2006-cı ildən məşqçi kimi fəaliyyət göstərir. O, 2014-cü ildə klub məşqçisi kimi işləmək üçün İsveçrənin Bazel şəhərinə dəvət edilib. Məşqçilik dövründə yetirmələri dünya və Avropa çempionatlarının qalib və mükafatçıları olublar.

B.Kandaz üç ay əvvəl Böyük Britaniyaya məşqçi kimi dəvət alsa da, bu yaxınlarda Azərbaycan milli komandasını çalışdırmaq təklifinə üstünlük verib. Lakin Böyük Britaniyada da məsləhətçi kimi işini davam etdirəcək. Türkiyəli mütəxəssisin Azərbaycan milli komandası ilə ilk rəsmi yarışı yanvarın ikinci yarısında Fransada keçiriləcək ilin ən nüfuzlu Karate 1 Premyer Liqa tirniri olacaq.

AZƏRTAC

Xəbər 957 dəfə oxundu.