Badmintonçularımız “South Africa International 2018” turnirində uğurla çıxış ediblər
Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən “South Africa International 2018” turnirində uğurla çıxış ediblər.

Təmsilçilərimiz kişilərin şəxsi yarışında mübarizəyə 1/16 final mərhələsindən start veriblər. Edi bu mərhələdə yerli idmançı Daniel Steyn üzərində qələbə qazanıb. Dviçayo növbəti mərhələdə Botsvana badmintonçusu Keone Olatosteni məğlub edib. 1/4 finalda misirli Adham Elqamalı üstələyən Edi yarımfinalda Zambiya idmançısı Kalombo Mulenqaya da set vermədən qalib gəlib. Dviçayo finalda digər təmsilçimiz Ezmi Qovimuramadhoni ilə qarşılaşıb. Finala gedən yolda CAR badmintonçusu Andries Malana, Robert Manna (Lüksemburq) və Bahaeddin Əlşannikə (İordaniya) qalib gələn Ezmi Qovimuramadhoni həlledici görüşdə Edi Reski Dviçayonu məğlub edib. Ezmi Qovimuramadhoni kişilərin şəxsi yarışında “South Africa International 2018" turnirində qızıl, Edi Reski Dviçayo isə gümüş medala sahib olub.

Edi-Ezmi tandemi kişi badmintonçuların qoşa yarışında da hamıdan güclü olmağı bacarıb. Kişilərin qoşa yarışında finalda CAR badmintonçuları Jarred Elliot - Şon Nun cütünə qalib gələn Edi-Ezmi bu kateqoriya üzrə yarışın qalibi adını qazanıblar.

Xəbər 972 dəfə oxundu.