“Rusiyada oynamaq mənə heç də asan deyil”
“Gələcək karyerama hələ aydınlıq gətirməmişəm. O qədər çox variantlar var ki, qərar verə bilmirəm”. İdman.com.az saytının məlumatına görə, bunu Rusiya milli komandasının voleybolçusu Lübov Sokolova deyib. “Fənərbağça” ilə Çempionlar Liqasının qalibi olan təcrübəli voleybolçu ona gələn təklifləri dəyərləndirib. Maraqlıdır ki, 35 yaşlı hücumçu Bakı klubuna gəlmək variantını axırıncı kimi göstərib:

“Rusiya, Türkiyə, Azərbaycan və Çin klublarından dəvətlər almışam. Hələ də başa düşə bilmirəm ki, bunlardan hansını qəbul edim. Asiya – Çin variantına gəlincə, niyə də olmasın? Cəmi 4 ay oynayıb, sonra müqavilən başa çatır. Dürdür, “Fənərbağça” rəhbərliyi də məni komandada saxlamaq üçün razı salmağa çalışır. Rusiyada isə oynamaq mənə xoş olsa da, bu, heç də asan deyil. Çünki uşağım İtaliya məktəbində oxuyur və bu üzdən hər yerə gedə bilmirəm”.

Qeyd edək ki, ötən mövsüm “İqtisadçı”nın heyətinə qatmaq istədiyi Sokolova yeni il üçün “Azərreyl”in diqqət mərkəzindədir.

Xəbər 976 dəfə oxundu.