Cüdo üzrə yeniyetmə oğlan və qızlar arasında beynəlxalq turnirin qalibləri mükafatlandırılıb
Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo üzrə yeniyetmə oğlan və qızlar arasında VII Beynəlxalq turnir keçirilib. Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan yarışda ölkəmizin 25 şəhər və rayonundan, həmçinin Rusiya, Ukrayna, Qazaxsan və Qırğızıstanı təmsil edən ümumilikdə 660-a yaxın idmançı birincilik uğrunda mübarizə aparıb.

Əvvəlcə turnir iştirakçıları Sumqayıt şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyev abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Turnirin açılış mərasimi Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ramin Əlizadə, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı idmançıları salamlayaraq ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıblar. Bildirilib ki, nəticədə bu sahə dövlət siyasətinin prioritetlərindən birinə çevrilib və müstəqil Azərbaycan idman ölkəsi kimi beynəlxalq aləmdə tanınır.

Natiqlər Prezidenti İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsində Azərbaycanın bütün bölgələrində möhtəşəm Olimpiya İdman Komplekslərinin tikildiyin, ölkəmizin hərtərəfli və dinamik inkişaf etdiyini söyləyiblər. Mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübədən, müasir idman infrastrukturunun yaradılmasından, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan bəhs ediblər.

Tədbirin bədii hissəsindən sonra yarışlara start verilib. Turniri Azərbaycan Cüdo Federasiyası tərəfindən təyin edilmiş hakimlər heyəti idarə edib.

İki gün gərgin idman mübarizəsi şəraitində davam edən turnirdə oğlanlar arasında İlkin Rzazadə (30 kq. Mingəçevir), Cəsur İbadlı (34 kq. Bakı), Həsən Əhmədov (38 kq. Balaxanı), Süleyman Şükürov (42 kq. Sumqayıt), Dmitriy Kərimov (46 kq. Rusiya Federasiyası), Rafael Hətəmov (50 kq. Şamaxı), Nicat Nağıyev(55 kq. Bakı), Nahid Tarquliyev (60 kq. Bakı), Anton Fedin (66 kq. Rusiya Federasiyası) və Timofey Volkov (+66 kq. Rusiya Federasiyası) qalib adına layiq olublar. Qızlar arasında Nərmin Soltanova (28 kq. Bakı), Sofiya Yanuşevic (32 kq. Rusiya), Leyla Dəmirova (36 kq. Bakı), Fəridə Mirzəyeva (40 kq. Bakı), Rəmziyyə Hüseynova (44 kq. Bakı), Elizaveta Matveyeva (48 kq. Rusiya), Gülnarə Bayramova (52 kq. Bakı), Pərvanə Abdullayeva (57 kq. Yevlax), Zeynəb Əsədova (63 kq.) və Leyli Qurbanova (+63 kq. Ağdam) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblər Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və kubokları ilə mükafatlandırılıb.

Xəbər 844 dəfə oxundu.