Məsələ çox, addım yox
Ötən tur mövsümün əsas sualının həlli üçün “Neftçi” son illərdə ən prinsipial rəqibi olan “Xəzər Lənkəran”dan 3 xal qoparmalı idi. Elə rəqabətin əzəli xarakter alması səbəbilə “ağ-qaralar”ın Lənkəranda bu 3 xalı almaq üçün var qüvvəsini səfərbər edəcəyini gözləmək olardı. Lakin belə olmadı. Ümumiyyətlə, bu görüşdə “Neftçi” vərdişə çevrilmiş sindromundan əl çəkə bilmədi. Cənublularla görüşlər bu komanda üçün, bir qayda olaraq, əsl psixoloji səddə çevrilir. Hətta böyük hesablı qələbə qazandığı matçda belə, komanda sanki rəqibinin izinə düşürdü. Bu qəribəlik bu dəfə də aradan qalxmadı.

Belə matçlar, ümumən, komandalarımızın həqiqi potensialına nəzər salmaq üçün də bir fürsətdir. Elə lənkəranlılar da görüşdə tam mənasında böyük oyun göstərə bilmədilər. Komandada yeni baş məşqçinin gəlişi ilə nəyinsə dəyişəcəyini isə bundan sonra gözləməyə dəyməz. Ən yaxşı halda, Yunis Hüseynov komandaya rumıniyalı çalışdırıcı Rednikin cinahlardan hücum oyununu qaytara bilib. Lakin bu da son zərbəyə qədər olan məqamdır. Klubun ən böyük problemi də elə budur: hər xətt öz-özlüyündə mövcuddur. “Neftçi”nin bundan tam faydalanmaq imkanı olduğu halda, o bunun tam əksini etdi. Üstəlik, paytaxtlıların get-gedə oyun ritmini də itirməsi Avropaya böyük səfər ərəfəsində təhlükəli siqnaldır. Çünki istənilən halda bundan sonra çempion titulunu, çətin ki, kimsə ondan ala bilsin. Beləliklə, daha bir tur təxirə salınmış olsa da, komandanın ardıcıl ikinci dəfə zəfər tağından keçməsinə meydanda mane ola biləcək qüvvə artıq yoxdur.

Ötən turun əlamətdar oyunu ənənəvi paytaxt-Lənkəran marşrutunda idisə, yarışın şah damarını tutan görüş tam əks istiqamətdə olan Bakı-Ağdam marşrutunda idi. “Qarabağ” ölkə kubokunda, necə deyərlər, “Bakı”nı saldığı dərddən çempionatda qurtardı. İndi “zolaqlılar”ın çempionat xətti ilə də yüksəlmək imkanı yaranıb. Bunun üçün bir yol kubokdursa, digəri “Xəzər Lənkəran”dan silinmiş 6 xalın hesabına yaranmış fürsətdir. “Qarabağ”, doğma divarlar arasında yenilməklə, bir qədər taktiki qazanc əldə edib. O, iki yarışdan - kubokla çempionat arasında daha çox birinci turnirə üstünlük verdiyini əyani göstərib. Doğrudur, “Bakı” ilə dalbadal 3 oyunun ikinci qarşıdurmasında da komanda bir o qədər hissiyyatsız görünmürdü. Əksinə, Vaqif Cavadovun fəallığı sayəsində bir qədər də üstün idi. Lakin komandanın qəribə şəkildə ön xətdə böyük problemləri başladı. Üstəlik, birxətli oyunla ağdamlılar rəqibə də elə bir problem yaratmadılar. Belə olduqda, cəza da erkən gəldi: cəmi 3 dəqiqə ərzində paytaxtın eyniadlı təmsilçisi bütün sualları çözdü. İndi “Qarabağ” kubok görüşündə də “Bakı”nın qarşısına sədd çəkə bilməsə, finişdə böyük çətinliklərlə üz-üzə qala bilər.

Son vaxtlar “İnter”də hiss olunan eniş bu dəfə də davam etdi. Lakin komanda qapısından buraxdığı erkən topa iki sürətli qolla cavab verməklə, finiş ərəfəsində ən vacib 3 xala sahib çıxdı. Çox maraqlıdır ki, buna qədər hər rəqibinə onun üçün biçilmiş oyun taktikası seçən “beynəlmiləlçilər”, hətta hesabda irəli çıxdıqdan sonra da qəbələlilərin qarşısında az qala aciz qalacaqdılar. Hələ orası da var ki, “Qəbələ” məhz belə hallarda çox erkən ruhdan düşən və oyununu itirən komandadır. Xüsusən, ikinci hissədə “bankçılar”ın rəqibə əl-qol açmağa imkan verməsi, komandanın daxilindəki problemlərin əsassız olmadığını göstərir. Onları Mahir Şükürovun heç yerinə düşməyən qırmızı vərəqəsi xilas etdi. Lakin sabah Avropada rəqib belə fürsəti verəcəkmi? Ümumiyyətlə, bu sualı bütün Avropa yolçularına vermək olar: oynadığınız bu templə qitəmiqyaslı yarışlarda hansı rəqib sizə güzəştə gedəcək? Əfsuslar olsun ki, cavab birmənalı və məlumdur. Artıq indidən komandalarımız ciddi düşünüb-daşınmalıdırlar. Avropaya qədəm qoyub-qoymamaqdan asılı olmayaraq, hər bir klub yarışın ritmini artırmaq üçün, ilk növbədə, özünə ciddi əl gəzdirməlidir. Birincisi, seçilən yola aydınlıq gətirilməli, strateji planlar məlum olmalı, daha sonra - məşqçi-oyunçu seçimi üzərində düşünülməli, bunun ardınca, komandanın texniki korpusu da ciddi təhlil edilməli, kadrlara düzgün yanaşılmalı və qərar verilməlidir. Artıq iki ildir, Avropasayağı texniki məğlubiyyət, xal silinməsi kimi hallar bütün klublara siqnal olmalıdır.

Xəbərdarlıqdan söz düşmüşkən, yenə də Lənkəranda azarkeşlər arasında çaxnaşma hüquq-mühafizə orqanlarının, tibb işçilərinin müdaxiləsinə səbəb oldu. Bu məsələ yoluna qoyulmadığı halda, yuxarıda sadaladıqlarımız müşkül problem sayılmalıdır. Çünki azarkeş məsələsi birtiplidir. Amma klubların formalaşması və fəaliyyəti böyük sistemin və ən əsası, futbolumuzun gələcəyinin təməlidir. Bunun üçünsə, heç olmasa, qarşıdakı PFL prezidenti seçkiləri ərəfəsində mövzu açılmalı, problemin köklü həlli üçün proqram xarakterli yanaşma tələb olunmalı, yaxın beşillik məqsəd, məramın müzakirəsi aparılmalı, heç olmasa, atılacaq bir-iki addım bildirilməlidir. Yoxsa, əməli olaraq, bu, seçki yox, sadəcə, formal bir toplantı olacaq.

BATI YAR, “İdman” qəzeti

Xəbər 1236 dəfə oxundu.