Sumqayıtda sağlam həyat tərzinin təbliği məqsədilə veloyürüş keçirilib
Sumqayıt şəhərində Azərbaycan Gənclər Fondunun, şəhər icra hakimiyyətinin dəstəyi, "Sağlam Düşüncə” Gənclər Təşkilatının, şəhər Gənclər və İdman Baş İdarəsinin və Respublika Olimpiya Velosiped Məktəbinin tərəfdaşlığı ilə keçirilən veloyürüşdə 60-a yaxın gənc iştirak edib.

Veloyürüşün keçirilməsində məqsəd yerli əhalinin diqqətini sağlam həyat tərzinə yönəltmək olub.

Şəhərin Heydər Əliyev Mərkəzinin qarşısından start götürən velosipedçilər 15 kilometr məsafə qət edərək, Nəsimi parkında yürüşə yekun vurublar.

Velosipedçilərin şəhər turu "Sağlam yaşa” sağlam həyat tərzinin təbliği kampaniyası çərçivəsində təşkil edilib. Növbəti həftələrdə Sumqayıtdan olan gənc multiplayerlər üçün təlim təşkil olunacaq. Belə ki, layihəyə cəlb edilmiş ekspertlər 3 gün ərzində gənclərə sağlam həyat tərzini aşılayan, müxtəlif istiqamətlərdə bilik və bacarıqlar yiyələnməyə yönəlmiş təlim keçirəcəklər. Multiplayerlər düzgün rasional qidalanma, tütünün zərərləri, idmanın orqanizmə faydaları, bir çox xəstəliklərin əmələ gəlmə səbəbləri, profilaktika yolları haqqında məlumatlandırılacaqlar. Layihənin ikinci mərhələsində gənc təlimçilər qazandıqları bilik və bacarıqlar əsasında Sumqayıt şəhərinin ümumi təhsil müəssisələrində 1 ay ərzində təlim və seminarlar keçəcəklər. Məktəblilər arasında sağlam həyat tərzini müzakirə mövzusuna çevirmək və onların bu mövzunu sərbəst şəkildə və dərindən araşdırmalarına təkan vermək üçün məktəblilər arasında sağlam həyat tərzi mövzusunda Debat Natiqlik Turniri təşkil ediləcək.

Layihənin yekununda Sumqayıt Gənclər Evində Sağlam Həyat Tərzi Forumu keçiriləcək.

Xəbər 847 dəfə oxundu.