Topaz Premyer Liqası: “Keşlə” səfərdə “Sabah”ı məğlubiyyətə uğradıb
Dekabrın 9-da Azərbaycan Premyer Liqasının 14-cu turuna "Sabah" - "Keşlə" oyunu ilə start verilib.

“Əlincə Arena”da keçirilən matç 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Qarşılaşmada hesabı “Keşlə” futbolçuları açıblar. Matçın 34-cu dəqiqəsində Sərdar Taşkın adını tabloya yazdırıb - 0:1. Fasilədən sonra Tərlan Əhmədovun yetirmələri hesab arasındakı fərqi iki topa çatdırıblar. Altmış beşinci dəqiqədə Denis Silva cinah ötürməsini dəqiq tamamlayıb - 0:2. Qalan dəqiqələrdə isə "Sabah" klubunun gücü yalnız təsəlli qoluna çatıb. Debütantın heyətində 80-ci dəqiqədə Elşən Abdullayev fərqlənib - 1:2.

Hazırda "Sabah" 17 xalla 4-cü, "Keşlə" isə 12 xalla 7-ci pillələrdə qərarlaşıb.

Bu komandalar arasında ilk dövrədə keçirilmiş oyunda "Sabah” səfərdə minimal hesabla qalib gəlmişdi - 1:0.

Tura saat 19:30-da başlayacaq "Neftçi"-"Sumqayıt" matçı ilə yekun vurulacaq.

Xəbər 777 dəfə oxundu.