Çövkən milli atüstü oyunu üzrə Prezident kuboku uğrunda turnirin püşkü atılıb
Dekabrın 5-də çövkən milli atüstü oyunu üzrə Prezident kuboku uğrunda turnirin püşkü atılıb.

Turnir dekabrın 11-13-də və 22-23-də keçiriləcək.

Püşkatma mərasimindən əvvəl çövkən milli atüstü oyunu haqqında əsasnaməyə edilmiş yeniliklər və dəyişikliklər barədə komanda üzvlərinə məlumat verilib.

Turnirə qatılan səkkiz komanda püşkün nəticələrinə əsasən iki qrupda yer alıb. A qrupunda “Sərhədçi”, “Buta Golden”, “Ağstafa” və “Murad”, B qrupunda isə “Polad”, “Omar”, “Qarabağ” və “Köhlən” komandaları mübarizə aparacaqlar.

Artıq yeddinci dəfə təşkil olunan Prezident kuboku uğrunda turnirin məqsədi milli atüstü oyunlarımızın qorunub saxlanılması, xalqımızın qədim tarixə malik atçılıq ənənələrinin bərpası, gənc nəsildə bu sahəyə maraq oyadılmasıdır.

Qarabağ atı ilə oynanan çövkən milli atüstü oyunu Heydər Əliyev Fondunun dəstəyi ilə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

AZƏRTAC

Xəbər 1223 dəfə oxundu.