Sumqayıtda gənc könüllülər arasında keçirilən şahmat turnirinin qalibləri mükafatlandırılıb
Dekabrın 1-də Sumqayıt Şahmat Məktəbində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə gənc könüllülər arasında keçirilən şahmat turnirinin qalibləri mükafatlandırılıb.

Turnirdə şəhərin müxtəlif sahələrini təmsil edən 10 komanda iştirak edib.

Yarış Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Baş İdarənin rəis əvəzi Elgün Hümbətov turnirin Ulu Öndərin xatirəsinə həsr edildiyini və Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramının müvafiq bəndlərinə uyğun olaraq gənclərin dünya görüşünü, intellektual səviyyəsini artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə keçirildiyini diqqətə çatdırıb.

Çıxışlarda gənclərə göstərilən diqqət və qayğıdan da söhbət açılıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitdə keçən yarışın sonunda I yerə Sumqayıt Dövlət Universitetinin “Şah”, II yerə Sumqayıt Dövlət Texniki Kollecinin “Kapitanlar”, III yerə isə Sumqayıt Dövlət Universitetinin “Zəfər” komandaları layiq görülüb.

Qaliblərə Baş İdarənin kubok, fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

Xəbər 803 dəfə oxundu.