Bu gün də bir lisenziya!
Bolqarıstan paytaxtı Sofiyada Avropa olimpiya təsnifatlı turnir davam edir. İdman.com.az saytının məlumatına görə, bu gün mübarizəyə yunan-Roma güləşçiləri qoşulublar. Təmsilçilərimizdən Kamran Məmmədovun çıxışı uğur olub.

60 kq-da rəqabət aparan gənc bahadır öncə belaruslu Dmitri Alenski (1:0, 1:0), ardından eyni hesabla norveçli Stiq-Arne Berqi üstələyib. Yarımfinalda yenə həmin nəticə ilə macarıstanlı İştvan Kozakı məğlub edən pəhləvanımız, London olimpiadasına lisenziyanı özünə təmin edib. Maraqlıdır ki, həmyerlimiz finalda finlandiyalı Matti-Tapio Kettunenə də 1:0, 1:0 hesabı ilə qalib gəlib.

Millimizin təcrübəli üzvü Vitali Rəhimov (66 kq) da medal qazaıb. Amma Pekin olimpiadasının gümüş mükafatçısı London oyunlarına düşməkdən kənar qalıb.
Nəticələrə gəldikdə, ilk görüşdə təmsilçimiz macar Tamaş Lorintsi sıradan çıxarıb – 1:0, 1:1, 1:0. Növbəti qarşılaşmada fransalı olimpiya çempionu Stefan Queno güləşçimizdən güclü olub (1:0, 1:0). Rəqib finala qədər irəliləyidiyindən, Vitali təsəlliverici görüşlərə qatıla bilib. Birinci mübarizədə belaruslu Mixail Samionovu üstələyən (2:0, 1:0) pəhləvanımız, 3-cü yer uğrunda rəqabətdə erməni Sasun Qəmbəryanı mükafatsız qoyub (1:0, 1:0).

Ötən ilin Avropa çempionu Rafiq Hüseynov (74 kq) ümidləri doğrültmayıb. İlk görüşdə o, macarıstanlı Peter Başçı uduzaraq, mübarizəni erkən dayanlırıb (1:1, 0:1).

Qeyd edək ki, Rövşən Bayramovla (55 kq) Saman Təhmasibi (84 kq) hələ keçən il London olimpiadasına lisenziya qazanmışdılar.

Xəbər 1362 dəfə oxundu.