Avropa Komissiyası və UEFA birgə bəyannamə imzalayıb
Belçikanın paytaxtı Brüsseldə Avropa Komissiyası və UEFA-nın təşkilatçılığı ilə “İdman qurumlarının Avropa Birliyi tərəfindən maliyyələşdirilməsi imkanları” mövzusunda seminar keçirilib.

Seminar Avropa Komissiyası, Avropa ölkələrinin hökumət üzvləri, UEFA və UEFA-ya üzv olan 55 milli assosiasiyasının nümayəndələrinin iştirakı ilə Regionlar üzrə Avropa Komissiyasının baş ofisində təşkil olunub. AFFA-nın marketinq və sponsorluq şöbəsinin müdiri Tural Piriyev seminarda iştirak edib.

Regionlar üzrə Avropa Komissiyasının prezidenti Karl-Heinz Lambertz açılış nitqi ilə çıxış edərək idmanın və xüsusilə də futbolun Avropada inkişafın, sosial inklüzivlik və həmrəyliyin təbliği üçün çox böyük rolu olduğunu və Avropa birliyinin idmanın və futbolun inkişafına yaxından dəstək olmasının vacibliyini qeyd edib.

Seminarda müxtəlif təqdimatlar edilib və qrup müzakirələri keçirilib. Avropa birliyinin maliyyə alətləri, birbaşa investisiya və dəstək proqramları ətraflı müzakirə olunub, milli assosiasiyalar tərəfindən müxtəlif təkliflər irəli sürülüb.

Tədbirin sonunda Regionlar üzrə Avropa Komissiyasının prezidenti Karl-Heinz Lambertz və UEFA-nın birinci vitse-prezidenti Karl-Erik Nilsson tərəfindən Avropa Komissiyası və UEFA-nın Avropada idmana birgə investisiyası ilə bağlı bəyənnamə imzalanıb.

Xəbər 814 dəfə oxundu.