Trabzon turniri başa çatdı
Türkiyənin Trabzon şəhərində Avropa olimpiya təsnifat turnirinə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, finala vəsiqə qazanmış iki boksçumuzdan yalnız biri rinqə çıxıb. 56 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdulhəmidovun görüş ərəfəsində böyrəyindən daş sidik kisəsinə düşdüyündən, o final döyüşündən imtina edib. Beləliklə, 56 kq çəki dərəcəsində Ukrayna boksçusu Pavlo İşenko mübarizəsiz yarışın qalibi olub.

81 kq çəki dərəcəsində yarışan Vətən Hüseynli isə finalda Türkiyə təmsilçisi Bəhram Müzəffərlə üz-üzə gəlib. Rinq ustamız ilk raunddan sonra 2 xal fərqlə öndə olsa da, sonradan üstünlüyü əldən verib. Nəticədə, 12:18 hesabı ilə məğlub olan Vətən yarışın gümüş medalına layiq görülüb.

Qeyd edək ki, boksçumuza medalları AİBA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov və ABF-nin vitse-prezidenti Vüsal Novruzov təqdim ediblər. Beləliklə, Azərbaycan milli komandası Türkiyədə London olimpiadasına daha 2 lisenziya qazanıb. Hazırda boks idman növündə 7 olimpiya vəsiqəmiz var.

Xəbər 1122 dəfə oxundu.