Çempionlar Liqasının püşkü iyunda atılacaq
Voleybol üzrə Avropa Çempionlar Liqasının püşkatmasının vaxtı müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin püşkü iyunun 29-da atılacaq. Avstriyanın paytaxtı Vyanada baş tutacaq tədbirdə həm kişi, həm qadın komandaların rəqibləri müəyyənləşəcək.

2012/13 mövsümündə qadın voleybolçular arasında Çempionlar Liqasında Azərbaycanı təmsil etdirmək üçün ölkəmizə 1 vəsiqə verilib. Həmin yerin sahibi son dünya çempionu “Rabitə” ardıcıl 3-cü dəfə qitənin ən nüfuzlu turnirinə qatılacaq. Lakin son illərin dəyişməz Azərbaycan çempionu olan “pentakampeonlar” yeganə təmsilçimiz olmaya da bilər.

Belə ki, Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycanın 1 və ya 2 komandasını “wild-card”la yarışa buraxa bilər. Bu vəsiqənin və ya vəsiqələrin Superliqanın gümüş mükafatçısı “Lokomotiv”ə deyil, “Azərreyl” və “Bakı”ya veriləcəyi gözlənilir. Onlardan birinin, yoxsa hər ikisinin “wild-card” alacağı yarış iştirakçılarının turnirdə çıxış edəcəyini rəsmən təsdiqləməsindən sonra müəyyənləşəcək. CEV bunun üçün klublara mayın 4-dək vaxt verib ki, “Rabitə” artıq indidən quruma müraciətdə iştirakını təsdiqləyib.

Qeyd edək ki, iyunun 29-30-da Vyanada klub və federasiya nümayəndələri üçün seminar da keçiriləcək. Çempionlar Liqasının yeni mövsümündə isə həm kişi, həm qadınların yarışında 24 klub mübarizə aparacaq. Onlar hər birində 4 komanda olmaqla 6 qrupa bölünəcək.

Xəbər 1039 dəfə oxundu.