Sissi Rayt: İşə can yandıranda, uğur qazanmaq olur
“Azərbaycan milli komandasındakı işim tam mənə görədir. Düzdür, hər şeyi sıfırdan başlamışdım, nə futbolçu, nə də çempionat var idi. Elə bu da məni cəlb edirdi”. İdman.com.az saytının məlumatına görə, bu sözü 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Sissi Rayt deyib. Almaniyalı mütəxəssis həmyerlilərinə verdiyi müsahibədə ölkəmizdə gördüyü işlərdən danışıb:

“Bu, möhtəşəm çağırış idi. Mən də bu işin öhdəsindən gəlməli idi. 3 ay Azərbaycanı gəzdim, istedadlar yığdım ki, 2 yaş qrupunda çempionat keçirilməsi mümkün olsun. İnsan ö işini bütün ürəyi ilə sevdikdə buna nail olmaq mümkündür”.

Rayt Azərbaycanda qadın futboluna münasibətdən də razıdır: “Ölkədə artıq bir neçə güclü komanda yaranıb. Lakin yüksək Avropa səviyyəsi ilə ayaqlaşmaq hələ tezdir. Əsas odur ki, milli komandaya lazımınca diqqət və qayğı göstərilir. 17 yaşlı qızların oyunu televiziya ilə canlı yayımlanır”.

Yığmamızla müqaviləsi payızda Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatından sonra başa çatacaq almaniyalı gələcək karyerası haqda da danışıb: “Dünya çempionatından sonra nə olacağını bilmirəm. Bir neçə variant var”.

Xəbər 1208 dəfə oxundu.