Polo üzrə Azərbaycan milli komandası ABŞ-da keçirilən beynəlxalq kubok yarışında ikinci yeri tutub
Azərbaycanın milli polo komandası Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı və “PAŞA Sığorta”nın sponsorluğu ilə ABŞ-ın Florida ştatındakı “Grand Champions Polo Club”da keçirilən polo üzrə beynəlxalq kubok yarışında ikinci yeri tutub.

Turnirin final görüşündə dünyanın ən güclü polo komandalarından hesab edilən Azərbaycan millisi ABŞ seçməsi ilə qarşılaşıb.

Yığmamızın baş məşqçisi Namiq Orucovun qərarı ilə start heyətdə Elçin Camallı, Amil Namazov, Andres Laplasette, Adrian Laplasette və Rəşad Həsənov yer alıblar. Gərgin idman mübarizəsi şəraitində keçən final oyununun son dəqiqələrində komandamızın təşəbbüsə yiyələnməsi, Elçin Camallının və Amil Namazovun vurduqları qollara baxmayaraq, matç ABŞ seçməsinin 9:7 hesablı qələbəsi ilə başa çatıb. Millimiz turnirin gümüş medallarına sahib olub.

ABŞ-ın idman mətbuatı və təşkilatçılar komandamızın turnirdəki çıxışını yüksək qiymətləndiriblər. ABŞ Polo Assosiasiyasının “Facebook” səhifəsində yerləşdirilən yazıda qeyd edilib: “Bu, möhtəşəm qarşılaşma idi və Azərbaycan komandası olduqca baxımlı oyun nümayiş etdirdi”.

Amerikada polo idmanının canlı əfsanələrindən sayılan və turnirin təşkilatçılarından olan Melissa Qanzi “Twitter”dəki şəxsi səhifəsində Azərbaycan idmançılarına əzmkar oyuna görə minnətdarlığını ifadə edib və bu görüşü izləməsindən məmnunluğunu bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən atçılığın inkişafına xüsusi diqqət və qayğısı sayəsində polo üzrə milli komandamız mühüm nailiyyətlər qazanıb. Ümumiyyətlə, 2018-ci il polo komandamız üçün məhsuldar olub, idmançılarımız dünya atçılıq idmanı mütəxəssislərini və azarkeşlərini təəccübləndirərək idman mövsümünün ən gözlənilməz uğurlarına imza atıblar. Bu ilin yanvarında İsveçrənin Sankt-Moritz şəhərində keçirilən qar polosu üzrə dünya kubokunda komandamız qar üzərində polo yarışında ilk dəfə çıxış etməsinə və turnirdə güclü rəqiblərin mübarizə aparmasına baxmayaraq, üçüncü yeri tutub. İdmançılarımız iyunda Bakıda təşkil olunmuş arena polo üzrə dünya kuboku turnirində və sentyabrda İtaliyanın Siena şəhərində keçirilən Avropa çempionatında ikinci yeri tutmaqla Azərbaycan millisinin gücünü və uğurlarının təsadüfi olmadığını bütün dünyaya sübut etdi.

AZƏRTAC

Xəbər 1400 dəfə oxundu.