Qadın otüstü hokkeyçilərimiz ciddi sınaq ərəfəsində
Qadın otüstü hokkeyçilərdən ibarət milli komandasmz Yaponiyanın Kakamigahara şəhərində keçiriləcək olimpiya təsnifat yarışında mübarizə aparmaq üçün, bu günlərdə səfərə çıxıb. İdman.com.az saytının məlumatına görə, artıq 11 ölkənin seçmə kollektivi London oyunlarına vəsiqəni özlərinə təmin edib və olimpiadanın qayğıları ilə yaşayırlar. Sonuncu lisenziyanın sahibi isə aprelin 25-dən mayın 6-dək «gündoğar ölkə»də keçirilən seçmə turnirdə müəyyənləşəcək. Otüstü hokkeyçilərin olimpiya oyunlarında 12 milli komanda mübarizə aparır ki, onların da biri yarış sahibi və 8-i vakant yer kimi qitələr üzrə müəyyənləşdirilir. Qalan 3 iştirakçı isə dünya reytinqində yüksək xalı olan 18 komanda arasında təşkil edilən 3 turnirdə aşkar olunur.

Bu il fevralın 18-dən 26-dək Hindistanın paytaxtı Dehli şəhərində baş tutan təsnifat yarışında Cənubi Afrika Respublikasının hokkeyçiləri 5 rəqibini arxada qoyub Londona vəsqəyə sahib olmuşdular. Martın 17-dən 25-dək Belçikada keçirilən digər turnirdə isə meydan sahibləri bütün rəqiblərindən üstün olaraq adlarını London olimpiadasının iştirakçıları sırasına yazdıra biliblər. Son vəsiqə kimə qismət olacaq? Bu sualın cavabına mayın 5-də keçiriləcək final qarşılaşmasından sonra aydınlıq gətiriləcək. Kakamigahara şəhərində milli komandamızla yanaşı, Malaziya, Belarus, Avstrya, Yaponiya və Çili hokkeyçiləri mübarizə aparacaq.

Millimiz bu məsul yarışın hazırlığına müəyyən səbəblər üzündən yeni (keçmiş) baş məşqçi Adil Paşayevin rəhbərliyi ilə bir qədər gec başlasa da Gənclər və İdman nazirliyinin, habelə federasiya rəhbərliyinin ciddi qayğısı nəticəsində bu ilin əvvəllərindən Hindistanda, sonralar Hollandiyada (2 dəfə) və İspaniyada təlim-məşq toplanışlarında olmaqla yoxlama oyunlarında da qüvvəsini sınayıb.Səfər ərəfəsində baş məşqçi Adil Paşayev yarışa hazırlığa gec başladıqlarını (2011-ci il noyabr) bildirsə də komandanın qısa vaxt ərzində komplekləşdirə bildiklərindən, kollektivdə əhval- ruhiyyənin yüksək olduğundan razılıqla danışdı. Baş məşqçi onu da vurğuladı ki, Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün ən azı bir il əvvəldən başlasaydıq, bu gün əminliklə danışa bilərdik. Adil müəllim daha sonra qeyd etdi ki, 2008-ci il Pekin olimpiadasına getmək üçün şansımız daha çox idi. Lakin o zaman Bakıda keçirilən təsnifat yarışında final görüşü bizim xeyrimizə olmadı. Hakimlərin və digər amillərin mənfi təsiri nəticəsində komandamız Pekinə gedə bilmədi. Hər halda hamımız nikbinik və ümüdvaram ki, ilk sınaqda mümkün olmayanı bu dəfə reallaşdırmaq üçün qarşıya qoyulan şərəfli vəzifənin həllinə var gücümüzü sərf edəcəyik.

Xatırladırıq ki, hokkeyçilərimiz Kakamigahara şəhərində ilk oyunlarını aprelin 25-də Malaziya komandasına qarşı keçirəcəklər.Qadınların yarışı ilə paralel həmin stadionda kişilərdən ibarət komandalar da mübarizə apardığından millimiz Belarus yığması ilə aprelin 27-də qarşılaşacaq. Hokkeyçilərimiz aprelin 29-da Avstriya təmsilçilərini sınağa cəkəcəklər. Mayın 1-də rəqibimiz meydan sahiləri-Yaponiya komandası olacaq. İdmançılarımız ilkin mərhələdə sonuncu-5-ci oyunda isə Çili yığması ilə qarşılaşacaq. Yekunda dairəvi sistemlə keçirilən yarışda 1-ci və 2-ci yeri tutan komandalar(toplanılan xallardan asılı olmayaraq) final görüşündə London Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ verən sonuncu vəsiqənin sahibinə aydınlıq gətirəcəklər.

Xəbər 1386 dəfə oxundu.