Ancelo Vercesi Bakıya dönəcək?
“Mən yenicə vətənimə dönmüşəm. Hələ ki, bir müddət istirahət haqqında düşünürəm”. İdman.com.az saytının məlumatına görə, bunu apasport.az saytına açıqlamasında “Bakı” voleybol klubunun baş məşqçisi Ancelo Vercesi deyib.

Braziliyalı mütəxəssis gələcək karyerası barədə hələ qərar verməyə tələsmir. Mayda paytaxt təmsilçisi ilə müqaviləsi başa çatacaq 45 yaşlı məşqçi ağır mövsümün yorğunluğunu çıxarmaq barədə düşünür.

“Bakı”da işlədiyi debüt mövsümündə komandasını Çellenc kubokunun finalına yüksəldən və Super Liqada tarixində ilk dəfə mükafat – bürünc medal qazandıran Vercesi növbəti ildə Azərbaycanda çalışmaya da bilər. Belə ki, artıq braziliyalı mütəxəssisə Çempionlar Liqasının son qalibi “Fənərbağça” və Avropanın digər klubları təklif göndərib. Baş məşqçi bildirib ki, istirahəti yekunlaşdırdıqdan sonra qərarını verəcək: “Mən bir müddət Braziliyada qalacağam. Növbəti mövsümdə harada işləməyimə dair qərar verəcəyimə qədər burada olacağam. “Bakı”da, yoxsa başqa komandada çalışacağımla bağlı hələ dəqiq nəsə deyə bilmərəm. Çünki yeni il üçün heç bir klubla danışıqlar üçün əlaqə qurmamışam”.

Qeyd edək ki, Vercesi Azərbaycana gələnə qədər Braziliya, İtaliya və Xorvatiyada işləyib.

Xəbər 1129 dəfə oxundu.