Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının XIII Baş Assambleyasında iştirak edəcək
Noyabrın 25-dən dekabrın 1-dək Tokioda Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) XIII Baş Assambleyası keçiriləcək.

İclasda Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov, marketinq idarəsinin rəisi Mehman Kərimov iştirak edəcəklər.

Assambleya çərçivəsində noyabrın 26-27-də MOKA-nın audit və maliyyə, marketinq, atletlər, beynəlxalq əlaqələr və tibbi komissiyalarının iclasları olacaq, məruzələr dinləniləcək.

Noyabrın 28-də MOKA-nın 13-cü Baş Assambleyası işə başlayacaq. Assambleya iştirakçılarının “Tokio 2020” Yay Olimpiya Oyunlarının keçiriləcəyi yarış obyektləri ilə tanışlığı nəzərdə tutulub.

Sonda Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Xəbər 1148 dəfə oxundu.