“Azərreyl”dən Kimə fantastik təklif
Koreyalı voleybolçu Yeon Kinq Kim “Azərreyl”dən fantastik təklif alıb. İdman.com.az saytının məlumatına görə, “dəmiryolçular”ın “Fənərbağça”nın heyətində Avropa Çempionlar Liqasının qalibi və Bakıda keçirilən “dördlər finalı”nın ən yaxşısı seçilən 24 yaşlı voleybolçu üçün irəli sürdüyü məbləğ açıqlanıb.

Belə ki, növbəti mövsümdən italiyalı mütəxəssis Alessandro Çiappinini baş məşqçi təyin edən “Azərreyl” Kim üçün nə az, nə çox – 1,2 milyon avroluq müqavilə irəli sürüb. Amma voleybolçu hələ son qərarını verməyə tələsmir. Türkiyəli həmkarlarımız Kimin bu cəlbedici təklifin qarşılığında hansı addımı atacağını maraqla gözləyirlər.

Qeyd edək ki, koreyalı voleybolçu Azərbaycan azarkeşləri üçün yaxşı tanışdır. O, bu mövsüm “Rabitə” ilə görüşlərdə 4 dəfə iştirak edib, habelə, paytaxtımızda baş tutan “dördlər finalı”nda komandasının çempionluğunda böyük rol oynayıb.

Xəbər 965 dəfə oxundu.