Xırdalanda boccia idman növü üzrə “V Seni Cup” turniri keçirilib
Noyabrın 22-də Abşeron Olimpiya İdman Kompleksində “Seni” firmasının dəstəyi, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və Azərbaycan Boccia İdman Federasiyasının təşkilatçılığı ilə boccia idman növü üzrə “V Seni Cup” turniri keçirilib.

Açılış mərasimində Gənclər və İdman Nazirliyinin şöbə müdiri, Olimpiya çempionu Fərid Mansurov, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, “Həyat” fondunun prezidenti Hacı Nuran, Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Turnir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Yarışda ölkəmizin müxtəlif regionlarından olan 60-dan çox idmançı iştirak edir.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və “Seni” şirkətinin Mərkəzi Asiya və Qafqaz üzrə əlaqələndiricisi Mixail Kopaç turnir iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıblar.

Açılış mərasimi bədii proqramla davam edib.

Sonra yarışlara start verilib. Final yarışlarından sonra qaliblər elan olunub və onlara Milli Paralimpiya Komitəsinin diplomları, medal və kuboklar təqdim edilib.

Qeyd edək ki, boccia fiziki imkanları məhdud idmançıların məşğul olduğu Paralimpiya idman növüdür. Bu idman növünün təbliğ olunması məqsədilə 2013-cü ildən etibarən hər il boccia idman növü üzrə “Seni Cup” turniri təşkil olunur. Boccia idman növü Milli Paralimpiya Komitəsi tərəfindən 5 ildir ki, ölkəmizdə təbliğ olunur və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Hazırda 5 kateqoriya üzrə 17 regiondan 100 dən çox fiziki məhdudiyyətli şəxs bu idman növü ilə məşğul olur və onların sayı getdikcə artmaqdadır. Bunu nəzərə alaraq, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə cari ilin mart ayında Azərbaycan Boccia Federasiyası yaradılıb.

Xəbər 1143 dəfə oxundu.