Güləşçimiz İslam Abbasov dünya çempionatının bürünc medalına sahib olub
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

İlk yarış günündə yunan-Roma güləşçilərimizdən ikisi mübarizəyə başlayıb. Ramiz Məmmədov (63 kq) mundiala inamlı start verib. Güləşçimiz 1/8 finalda macar rəqibinə elə ilk hissədə qalib gəlməyi bacarıb. Ancaq güləşçimiz 1/4 finalda iranlı rəqibi ilə gərgin mübarizə şəraitində keçən görüşdə uduzub.

İslam Abbasov (87 kq) da 1/8 final mərhələsini rahat keçib. Güləşçimiz Yaponiya təmsilçisini ilk hissədə məğlub edib. Növbəti görüş isə ağır keçib. İ.Abbasov gürcü güləşçinin də öhdəsindən gələrək adını yarımfinala yazdırıb. Ancaq İslam finalın bir addımlığında ukraynalı həmkarı ilə bacarmayıb. Güləşçimiz Misir təmsilçisi ilə bürünc medal görüşünə çıxıb. İlk hissəni 0:3 geridə başa vuran güləşçimiz ikinci hissədə əzmkarlıq nümayiş etdirib və sona yarım dəqiqə qalmış hesabı bərabərləşdirib. Beləliklə, sonuncu xal prinsipinə əsasən, İ.Abbasov ötən il olduğu kimi, yenə U-23 dünya çempionatında bürünc medal qazanıb.

Xəbər 754 dəfə oxundu.