Xaçmazda poliatlon çoxnövçülüyü üzrə respublika birinciliyinin qalibləri müəyyənləşib
Xaçmaz Olimpiya İdman Kompleksində payız çağırışı ilə əlaqədar “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə keçirilən respublika birinciliyinin qalibləri müəyyənləşib.

Çağırışçı gəncləri Vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi məqsədilə keçirilən yarışda 15 komanda qalib adı uğrunda mübarizə aparıb.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən birinciliyin final mərhələsində iştirakçılar 100 və 2000 metr məsafəyə qaçış, qumbara atma, turnikdə dartınma və güllə atıcılığı üzrə yarışlarda qüvvələrini sınayıblar.

Gərgin mübarizə şəraitində keçən yarışda şəhər komandaları arasında Naxçıvan, Bakı, Sumqayıt, rayon kollektivləri arasında isə Biləsuvar, Qusar və Goranboy təmsilçiləri müvafiq olaraq ilk yerləri qazanıblar.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və qiymətli hədiyyələri təqdim olunub.

Xəbər 780 dəfə oxundu.