Gənc bahadır Toğrul Əsgərov London olimpiadasına lisenziya qazanıb
Bu gün Bolqarıstan paytaxtı Sofiyada pəhləvanlar arasında Avropa olimpiya təsnifat turniri start götürüb. İdman.com.az saytının məlumatına görə, güləş döşəyi üzərinə düşən 3 idmançımızdan yalnız biri ümidləri doğruldub. Bu, ötən ay Belqradda keçirilmiş qitə çempionatında baş mükafata sahib çıxış Toğrul Əsgərovdur.

60 kq-da mübarizə aparan gənc bahadır 1/8 final mərhələsində belaruslu Aleksandr Kontoyevi (1:1, 4:0), sonra almaniyalı Tim Şleyxeri (2:0, 4:0) üstələyib. Yarımfinalda Ukraynanın təcrübəli güləşçisi Aleksandr Fedorişini məğlub edən (2:0, 4:1) həmyerlimiz London olimpiadasına vəsiqə qazanıb. Qələbə hissi ilə alışıb-yanan Toğrul həlledici görüşdə də üstün olub. Yerli idmançı Anatoli Qydea hər 2 hissədə uduzub (0:2, 1:1).

Mahmud Məhəmmədov (55 kq) və Aslanbəy Alborov (96 kq) mübarizəni daha erkən dayandırıblar.
Toğrulun qələbəsi sərbəst güləşdə qazandığımız 5-ci lisenziya olub. Buna qədər Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) uğura yetişiblər.

Xəbər 1097 dəfə oxundu.