UEFA Avropa Liqası: "Qarabağ" səfərdə "Vorskla" üzərində minimal hesabla qələbə qazanıb
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ” – “Vorskla” görüşü keçirilib. "Qarabağ" səfərdə Ukraynanın "Vorskla" klubu ilə oyunda hesabda önə keçib.

Qarşılaşmanın 13-cü dəqiqəsində Maksim Medvedevə qarşı qayda pozuntusuna görə oyunun baş hakimi ukraynalıların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Araz Abdullayev dəqiq zərbə ilə adını tabloya yazdırıb - 0:1. Bu, ağdamlıların UEFA Avropa Liqasında ilk qolu olub.

Qoldan sonra hücumlarını davam etdirən Qurban Qurbanovun yetirmələri rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsalar da hesab dəyişməyib.

İlk hissə "Qarabağ"ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.Fasilədən sonra ukraynalı fanatlar meydana yandırıcı maddələr atdıqlarına görə isveçrəli referi oyunu dayandırıb.

Görüş bir neçə dəqiqədən sonra davam etdirilib. Buna baxmayaraq, hesab dəyişməyib. Beləliklə, “Qarabağ” səfərdə "Vorskla" klubunu məğlub edərək, turnirdə ilk qələbəsini qazanıb.

Xəbər 953 dəfə oxundu.