“Beynəlxalq İdman Həyəcanı İrsinin” iki illiyi qeyd edilir

“İnkişaf Naminə İdman” İctimai Birliyi BP Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə Azərbaycanda Beynəlxalq İdman Həyəcanı İrsinin iki illik yubileyi münasibətilə bir sıra tədbirlər həyata keçirir. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə birgə təşkil edilən bu tədbirlər 2012-ci il aprelin 23-ü və 24-ə planlaşdırılır.

Tarixi əhəmiyyət kəsb edən belə bir yubileyə Birləşmiş Krallıqdan dəvət olunmuş mötəbər qonaqlar da qatılacaq. Bu qonaqlar arasında dünya şöhrətli atlet Kolin Jekson (Colin Jackson) və İngiltərə Futbol Assosiasiyasının sabiq İcraçı Direktoru, tanınmış idman jurnalisti Devid Devis (David Davies ), həmçinin “Beynəlxalq İdman Həyəcanı” proqramının regional rəhbəri Elayas Musanqeya da var.

Tədbirlər proqramının ilk günü Azərbaycanın müxtəlif KİV qurumlarını - TV, radio, xəbər agentlikləri və qəzetlərini təmsil edən bir qrup tanınmış idman jurnalistləri üçün bir günlük seminar keçiriləcək. Cənab Devid Devisin aparacağı bu seminar Milli Olimpiya Komitəsinin konfrans zalında olacaq. Seminarın əsas məqsədi meqa idman tədbirlərinin, o cümlədən Olimpiya və Paralimpiya Oyunlarının, daha maraqlı və yaradıcı işıqlandırılması üçün Britaniya təcrübəsini bölüşmək və jurnalistlər arasında məlumat mübadiləsi üçün şərait yaratmaqdır.

Tədbirlər proqramının ikinci günü cənab Kolin Jeksonunun və Azərbaycanın tanınmış idmançılarının qatılacağı fəaliyyətlərlə zəngin olacaq. Həmin gün İctimai Televiziya və Radio Yayımları şirkətinin “Yeni gün” səhər proqramında iştirakdan sonra qonaqlar və digər iştirakçılar Gənclər və İdman Nazirliyinin, həmçinin Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə görüşəcək.

Daha sonra Respublika Olimpiya Mərkəzində yeniyetmə və gənc atletlər üçün sprint və maneələrlə qaçış üzrə master klas nümayişi olunacaq. Növbəti daha maraqlı fəaliyyətlər üçün qonaqlar Sumqayıt Paralimpiya Kompleksinə səfər edəcəklər. Burada Milli Paralimpiya Komitəsinin rəhbərliyi ilə görüşdən sonra qonaqlar gənc idmançılarla söhbət edəcək və Bakı şəhər 27 saylı orta məktəbi ilə Azərbaycan Atletika Federasiyasının İnkişaf Naminə İdman təşkilatı ilə birgə tipik və əlilliyi olan uşaqlar üçün təşkil edilmiş şən və inklusiv oyunlara qatılacaqlar.

İki günlük tədbirlər proqramı Azərbaycan idmançılarının və britaniyalı qonaqların şərəfinə təşkil edilmiş ziyafətlə başa çatacaq. Ziyafətdə Beynəlxalq İdman Həyəcanı proqramının son iki ildə uğurlu və davamlı fəaliyyətində yaxından iştirak etmiş və dəstək vermiş Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi, idman federasiyaları, Təhsil Nazirliyinin rəsmiləri, Olimpiyaçılar və Paralimpiyaçılar, idman federasiya və qeyri-hökumət təşkilatları rəhbərləri, beynəlxalq təşkilat və diplomatik korpusların nümayəndələri iştirak edəcəklər. Ziyafətdə Bakı şəhər 23 sayı orta məktəbin şagirdləri məxsusi hazırlanmış musiqili-bədii proqramla çıxış edəcəklər.

Xəbər 1169 dəfə oxundu.